CƏMİYYƏT
Səbail rayonunda yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhət və tövsiyələr verilib
Bakı, 4 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Səbail rayon Məşğulluq Mərkəzi 49 saylı “İntellekt” liseyində gənclərin düzgün peşə seçiminə dəstək məqsədilə peşəyönümlü tədbir keçirib. Tədbirdə həmin liseylə bərabər, rayondakı orta məktəblərin yuxarı siniflərindən də şagirdlərin iştirakı təmin olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Mərkəzin direktoru Fərəc Qasımzadə gənclər üçün peşəyönümlü tədbirlərin təşkil olunmasının, gənclərin gələcəkdə peşə və ixtisaslar üzrə düzgün istiqamətləndirilməsinin onların gələcəkdə əmək bazarına inteqrasiyası, uğurlu əmək fəaliyyəti üçün önəmli olduğunu qeyd edib. O, bu tədbirlərin əmək bazarında peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatın dolğun şəkildə ödənilməsi baxımından da əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə Mərkəzin mütəxəssisləri mövcud əmək bazarı, hansı peşə və ixtisaslara tələbatın olması barədə gənclərə məlumatlar veriblər. Onlar gənclərin peşə və ixtisas seçərkən əmək bazarının işçi qüvvəsinə olan tələblərini də nəzərə almalarının vacib olduğunu, bu mənada düzgün peşə və ixtisas seçiminin gələcəkdə məşğulluq imkanlarına yiyələnmədə xüsusi önəm kəsb etdiyini vurğulayıblar. Bakı şəhəri üzrə məşğulluq orqanlarının elektron məlumat bazasında olan boş (vakant) iş yerləri barədə də gənclər məlumatlandırılıb. Məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri ilə bağlı tədbir iştirakçılarına məlumatlar verilib. Əmək bazarının tələbləri nəzərə alınmaqla rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarının təşkil edildiyi, müvafiq hallarda gənclərin bu kurslarda yeni peşələrə yiyələnmək imkanlarının olduğu bildirilib.
Peşəyönümü məsləhət və tövsiyələrin verildiyi tədbirdə gənclərin sualları da cavablandırılıb, onlara aktiv məşğulluq tədbirləri barədə məlumatları əhatə edən çap materialları təqdim edilib.