ELM VƏ TƏHSİL
Səbail rayonundakı 91 nömrəli tam orta məktəbdə “son zəng” VİDEO
Bakı, 14 iyun, Aygün Həsənova, AZƏRTAC
İyunun 14-də Bakının Səbail rayonundakı 91 nömrəli tam orta məktəbdə "son zəng" münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, valideynlərin, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.
Məktəbin direktoru Svetlana Zülfüqarova məzunları məktəbi bitirmələri münasibətilə təbrik edib, uğurlar arzulayıb. O, təhsildə yüksək göstəriciləri ilə seçilən 91 nömrəli məktəbin, hər il olduğu kimi, builki məzunlarına da böyük ümid bəslədiklərini deyib. S.Zülfüqarova məzunların böyük əksəriyyətinin ali məktəblərə qəbul olunacaqlarına əminliyini bildirib.
Məktəbin müəllimi, sinif rəhbəri Könül Şahbazova, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov və başqaları “son zəng” münasibətilə məzunları təbrik edib, uğurlar arzulayıblar. Məzunların həyatında yeni mərhələnin başlandığını deyən çıxışçılar onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə atılan bütün addımlarda təmsil olunacaqlarına əminliklərini vurğulayıblar.
Sonra XI sinif şagirdləri üçün son zəng çalınıb.
Tədbirin bədii hissəsində şagirdlər məktəbə, müəllimə həsr olunan şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər.