MƏDƏNİYYƏT
Səbaildə keçirilən tədbirdə Azərbaycan bosonovası ifa olunub
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Səbail Rayon İcra Hakimiyyətinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.
Tədbirdə rayon rəhbərliyi, idarə, təşkilat, elm və təhsil müəssisələrinin nümayəndələri, gənclər, veteranlar iştirak ediblər.
Çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, 31 dekabr tarixi azərbaycanlıların ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda Ulu Öndərin bu estafetini də uğurla davam etdirir. Hazırda dövlətimizin başçısının gördüyü işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Eldar Əzizov arxada qalan 2016-cı ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verib, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Beynəlxalq Muğam Mərkəzində təşkil olunan konsert proqramında Azərbaycan bosonovası stilində mahnı və kompozisiyalar səslənib. Konsertdə Azərbaycanın Xalq artistləri Murad Hüseynov və Mənsum İbrahimov, caz kompozisiyalarının ifaçısı Təranə Mahmudova, Əməkdar artistlər Sahib Paşazadə, Çinarə Heydərova və başqaları çıxış ediblər.
Tədbirdə Səbail rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edənlər Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, dövlətimizin başçısına möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanın daha da inkişafı, xoşbəxt gələcəyi naminə möhtəşəm fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.