QAN YADDAŞI
Səbailli gənclər 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “dəyirmi masa” keçiriblər
Bakı, 29 Mart, AZƏRTAC
Səbail rayonunun idarə, təşkilat və müəssisələrində çalışan, rayondakı ali məktəblərdə təhsil alan, ictimai-siyasi həyatda fəallıq nümayiş etdirən gənclərin, ictimaiyyət təmsilçilərinin və tarixçi alimlərin iştirakı ilə Səbail Rayon İcra Hakimiyyətində “31 mart azərbaycanlıların soyqırımı günüdür” mövzusunda “dəyirmi masa” keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov Azərbaycan xalqının XX əsrdə bir neçə dəfə soyqırımlarına məruz qaldığını bildirib. Qeyd edib ki, uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada “Böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv edib, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri və digər abidələri dağıdıblar. Ötən əsrin 80-ci illərində isə SSRİ-nin süqutunun sürətlənməsindən istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Azərbaycana qarşı birbaşa hərbi təcavüzə başladılar. 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədildi, torpaqlarımızın 20 faizi işğal edildi. Bu gün 31 mart soyqırımının gənclər tərəfindən müzakirəsi, dərindən öyrənilməsi hər birimiz üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Mais Əmrahov “dəyirmi masa”da çıxış edərək illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərdən danışıb. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra uzun illər gizli saxlanılan həqiqətlər açılıb, təhrif edilən hadisələr əsl qiymətini alıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətçilik maraqlarımızın qorunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Dövlətimizin başçısının yorulmaz fəaliyyəti sayəsində Azərbaycan inkişaf edərək dünyanın aparıcı ölkələri sırasında öz layiqli yerini tutub.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının professoru Musa Quluzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Tale Cəfərov, “Qərb” Universitetinin tələbəsi Turan Rzayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Aişən Vəliyeva və başqaları XX əsrin müxtəlif dövrlərində azərbaycanlıların məruz qaldıqları soyqırımı faktları, ermənilərin Azərbaycan torpaqlarının işğalı ilə bağlı uzun illər həyata keçirdikləri planlar, Xocalı faciəsi və bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə bağlı məruzələrlə çıxış ediblər.
Sonda “dəyirmi masa” iştirakçıları adından bəyanat qəbul olunub.