CƏMİYYƏT
“Səbailli gənclər “Ağ ölüm”ə “yox!” deyir!” mövzusunda tədbir keçirilib
Bakı, 30 aprel, AZƏRTAC
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçiliği ilə, pedaqoji işçilərin, ictimaiyyət nümayəndələrinin, orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Səbailli gənclər “Ağ ölüm”ə “yox!” deyir!” mövzusunda tədbir keçirilib.
Səbail Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruri olduğunu söyləyib. Bildirib ki, bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Tədbirdə Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu söyləyib. O, narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər ziyan vurduğunu söyləyib.
Respublika Narkoloji Dispanserin nümayəndəsi Afət Məmmədova və digər çıxış edənlər yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər veriblər.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirilib.