CƏMİYYƏT


Səbailli gənclər orduya yola salınıblar

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Bayıl yaşayış sahəsində Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda Səbail rayonundan olan çağırışçıların bir qrupunun həqiqi hərbi xidmətə yola salınmasına həsr olunan ənənəvi tədbir keçirilib.

Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun parkda ucaldılmış büstünün önünə tər çiçəklər düzüblər. Hərbi Dəniz Qüvvələri orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndirilib.

Rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev bu gün hərbi xidmətə yollanan çağırışçıları, onların valideynlərini təbrik edib, Vətənə xidmət etməyin həm müqəddəs, şərəfli, həm də çox məsuliyyətli vəzifə olduğunu xatırladıb.

Milli Ordumuzun bu ilin aprel ayında qazandığı qələbədən söz açan icra başçısının müavini bildirib ki, bu qələbə ordumuzun gücünü, bacarığını bütün dünyaya nümayiş etdirdi. Bu, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkədə ordu quruculuğu sahəsində həyata keçirdiyi siyasətin və gördüyü işlərin önəmini bir daha sübut etdi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və ölkənin ərazi bütövlüyünün bərpa olunması istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Dövlətimizin başçısının bu siyasəti yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətdir və səbaillilər bu siyasəti yekdilliklə dəstəkləyirlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimov qeyd edib ki, ordu hər bir millətin qüruru, dövlətin güvən yeridir. Ölkənin varlığı onun yenilməz və möhkəm ordusundan asılıdır.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, II Dünya müharibəsi veteranı Əli Nəsirov, 51 saylı orta məktəbin direktoru Lətafət Səmədova, valideyn Ənvər Abdullayev çağırışçılara orduda xidmət kimi şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıb, tövsiyə və məsləhətlər veriblər. Çağırışçı Qismət Süleymanov öz ləyaqətli xidmətləri ilə Səbail rayonunun adını yüksək tutacaqlarına söz verib.

Sonra çağırışçılara və ordudan yenicə tərxis olan gənclərə xatirə hədiyyələri təqdim olunub.

Çağırışçılar marş sədaları altında Azərbaycanın dövlət bayrağını öpərək hərbi hissələrə yollanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.