CƏMİYYƏT


Səbailli məktəblilər üçün Qusarda yay düşərgəsi yaradılıb

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Səbail Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşəbbüsü ilə Qusar rayonundakı “N” saylı hərbi hissədə hərbi-vətənpərvərlik təmayüllü “Gənc Heydərçilər” istirahət düşərgəsi yaradılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri və orta məktəblərin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə icra hakimiyyətinin başçısı Eldar Əzizov rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə məlumat verib. O qeyd edib ki, Qusar şəhərində təşkil olunan düşərgənin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bütün bunlar yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına yönəldilmiş siyasətin bir hissəsidir.

Tədbirdə vurğulanıb ki, düşərgəyə yollanacaq məktəblilər öz təhsilləri, ictimai işlərdə fəallıqları, idman və digər sahələrdə fərqləndikləri üçün seçiliblər. Onlar bu istirahət düşərgəsində oxuduqları məktəb kollektivlərini layiqincə təmsil etməlidirlər. Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri, Müdafiə Nazirliyinin zabitləri, çavuş və əsgərləri məşğul olacaqlar.

Burada uşaqların istirahətinin daha maraqlı və yaddaqalan edilməsi üçün məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə hərbçilər tərəfindən keçiriləcək, şagirdlərin Qusarın görməli yerlərinə, Olimpiya Kompleksinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil ediləcək.

Çıxış edən valideynlər yeniyetmələrin mənalı və yaddaqalan yay istirahəti üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.