ELM VƏ TƏHSİL
Səbailli şagirdlər Azərbaycan tarixini dərindən öyrənirlər
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar Səbail rayonunun orta məktəblərində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfranslar keçirilir.
Ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan növbəti tədbir rayonun 7 saylı orta məktəbində pedaqoji işçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.
Məktəbin direktoru Könül Həsənova qonaqları təhsil ocağının foyesində məktəblilərin əl işlərindən və rəsmlərindən ibarət sərgi və gənc rəssamların tədbirlə bağlı çəkdikləri rəsmlərlə tanış edib. Azərbaycan tarixinin müxtəlif dövrlərini təmsil edən hökmdarların obrazlarını nümayiş etdirən şagirdlər həmin illərin xəritəsi qarşısında təmsil etdikləri obrazın dövrü və onun qazandığı uğurlar barədə məlumat veriblər.
Daha sonra məktəbin akt zalında «İstiqlalımız əbədidir» mövzusunda video konfrans təşkil olunub. Siniflərdə tarix, Azərbaycan və ingilis dili fənləri üzrə şagirdlərin istiqlal barədə mülahizələri dinlənilib.
Tədbirdə «Tariximiz dünən və bü gün» mövzusunda şagird araşdırmaları təqdimatı keçirilib. Məktəbin yuxarı sinif şagirdləri tərəfindən Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən mövzular barədə çıxışlar edilib. Qeyd olunub ki, Ulu Öndər Azərbaycan tarixini dərindən bilib və onu dərindən öyrənməyi həmişə uşaqlara tövsiyə edib. O deyib ki, «…Tariximizin hər səhifəsi bizim üçün əzizdir. Hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir».
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu il məktəblərdə tarix üzrə konfranslar keçirilib. Bu tədbirlərdə fərqlənən şagirdlərin tariximizin müxtəlif dövrlərinə həsr olunmuş araşdırma monoqlafiyalarının kitab şəklində çap olunması nəzərdə tutulub.