DÜNYA


Sebastian Kurts Avstriya Xalq Partiyasının sədri seçilib

Vyana, 15 may, AZƏRTAC

Avstriyanın xarici işlər naziri Sebastian Kurts Avstriya Xalq Partiyasının sədri seçilib.

Avstriya Xalq Partiyasının sədri və bu ölkənin vitse-kansleri Raynhold Mitterlener mayın 10-da tutduğu vəzifədən istefa verdikdən sonra partiya daxilində onun tutduğu hər iki vəzifə üçün yeni namizədlərin axtarışına başlanılıb. Avstriya Xalq Partiyası sədarətinin mayın 14-də keçirilən iclasında Sebastian Kurts partiyanın yeni sədri seçilib.

Sədr seçildikdən sonra mətbuat qarşısına çıxan 30 yaşlı S.Kurts hökumətdə koalisiya tərəfdaşı olan Avstriya Sosial-Demokratlar Partiyası ilə növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair danışıqlar aparacağını deyib. O seçkilərə “Sebastian Kurtsun siyahısı – yeni Xalq Partiyası” adlı siyahı ilə qatılacağını bəyan edib. Növbədənkənar seçkilərin mümkün qədər yaxın müddətdə, təxminən sentyabr ayında baş tuta biləcəyini qeyd edən yeni sədr istefaya getmiş vitse-kansler Raynhold Mitterlenerin yerini kim tutacaq sualına aydınlıq gətirməyib.

Növbəti günlərdə S.Kurts ölkə Prezidenti Aleksander Van der Bellen və kansler Kristian Kern ilə yeni siyasi vəziyyətlə bağlı görüşlər keçirəcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.