CƏMİYYƏT
Seçenov Universitetinin Bakı filialı tələbə qəbulu elan edir
Bakı, 20 iyul, AZƏRTAC
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialı 2017/2018-ci tədris ili üçün tələbə qəbulu elan edir.
Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlət sifarişi ilə yerlər üçün müsabiqədə tam orta təhsili olan, Dövlət İmtahan Mərkəzinin (DİM) IV qrup üzrə keçirdiyi test imtahanlarında 350 və daha çox bal toplamış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
Pullu yerlər üçün müsabiqədə tam orta təhsili olan, DİM-in IV qrup üzrə keçirdiyi test imtahanlarında 300 və daha çox bal toplamış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
Təhsil haqqı 3000 AZN təşkil edir.
Qəbul Universitetin keçirdiyi qəbul imtahanlarının nəticələri üzrə müsabiqə əsasında olacaq.
Universitetə daxil olmaq üçün zəruri olan sənədlər: DİM-in test imtahanının nəticəsi haqqında arayış; tam orta təhsil haqqında sənədin (attestatın) əsli; şəxsiyyət vəsiqəsi və onun notarial qaydada təsdiq edilmiş rus dilinə tərcüməsi; çağırış məntəqəsinə uçotagötürmə haqqında vəsiqə; 3x4 ölçüdə 8 ədəd şəkil; tibbi arayış (forma 086/U).
Qəbul imtahanlarının və konsultasiyaların tarixləri: “Rus dili” fənni üzrə konsultasiya – 25 iyul, imtahan – 26 iyul, nəticələrin elan edilməsi – 27 iyul; “Kimya” fənni üzrə konsultasiya 25 iyul, imtahan - 28 iyul, nəticələrin elan edilməsi - 29 iyul.
İmtahanlar rus dilində keçirilir.
Seçenov Universitetinin Bakı filialına daxil olmayan abituriyentlər (Azərbaycan Respublikası vətəndaşları) DİM-in digər ali təhsil ocaqlarına qəbul üzrə keçirdiyi müsabiqədə iştirak edə bilərlər.
Sənədlər iyulun 24-25-də saat 10.00-dan 18.00-dək qəbul ediləcək.
Sənədlərin qəbulu, qəbul imtahanları və konsultasiyalar aşağıdakı ünvanda olacaq: Bakı, Hüseyn Cavid prospekti, 131.
Əlavə informasiya üçün əlaqə telefonu: (+99412) 599 08 10.