ELM VƏ TƏHSİL
Seçim zamanı ixtisas üçün önəmli sayılan fənlərin göstəricilərinə diqqət yetiriləcək
Bakı, 4 avqust, AZƏRTAC
Hazırda attestat balı əsasında “ASAN xidmət” mərkəzlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə ixtisas seçimi aparılır. İxtisas seçimində şagirdin seçdiyi ixtisas üçün önəmli sayılan fənlər üzrə göstəricilərinə diqqət yetiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili deyib.
Şöbə müdiri vurğulayıb ki, düşdükləri ixtisas bəlli olduqdan sonra şagirdlər sənədlərini həmin təhsil müəssisələrinə təqdim edəcəklər. Bunun üçün bir həftə vaxt veriləcək. O deyib: “İyirmi yer ayrılan ixtisas üzrə otuz nəfər sənəd veribsə, təbii ki, yerləşdirilməyənlərin olacağı da labüddür. Tutaq ki, iyirmi yüksək göstəricisi olanlar seçiləcək, qalanları seçdikləri növbəti ixtisaslara düşəcək. Bu prosesdə kənarda qalanlar yalnız məhdud çərçivədə seçim edənlər ola bilərlər. Məsələn, şagird yalnız Nərimanov rayonu ərazisində oxuya biləcəyini deyirsə, buradakı təhsil müəssisələrindən də bir və ya iki ixtisas seçibsə, bu prosesdə yerləşdirilməyə bilər. Yerləşdirilməyənlər və boş qalan yerlər üçün növbəti mərhələ avqustun 28-dən sentyabrın 7-dək davam edəcək”.