SİYASƏT
Seçki hüququ üzrə ixtisaslaşmış kurslarda parlament seçkilərinə hazırlıq məsələlərinə geniş yer ayrılır VİDEO
Xaçmaz, 25 avqust, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə təşkil edilən kurslar şimal bölgəsini əhatə edən seçki dairələri üzrə də uğurla həyata keçirilir. Bu regionda yerləşən 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairəsi dairə seçki komissiyalarının, aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri avqustun 24-dən etibarən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara cəlb olunub.
AZƏRTAC xəbər verir ki, 55 saylı Xaçmaz şəhər Dairə Seçki Komissiyasının inzibati binasının iclas zalında təşkil olunan kursların birinci günü “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” və “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri” mövzularında məruzələr dinlənilib.
Avqustun 25-də isə Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşiş Əskərov iştirakçılara “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” barədə ətraflı məlumat verib. Bildirilib ki, qanunvericiliyə əsasən seçki günü məntəqələrdə görülən işin, səsvermə prosesinin cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə qanunvericiliyə uyğun qaydada hər cür şərait yaradılacaq.
Daha sonra Xaçmaz rayon polis şöbəsinin rəisi Ədalət Abbasov “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri” mövzusunda çıxış edib. Həmçinin
dairə seçki komissiyasının sədri Bəhram Ömərovun “Milli Məclisə seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili” mövzusunda məruzəsi dinlənilib.
Məruzələrdə və çıxışlarda parlament seçkilərinə hazırlıq məsələlərinə geniş yer ayrılıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi məqsədi ilə dairə seçki komissiyaları üçün hər cür şəraitin yaradıldığı bildirilib.
Seçki hüququ üzrə ixtisaslaşmış kurslara avqustun 26-da yekun vurulacaq.