REGİONLAR


Seçki komissiyaları referendumda şəffaflığın təmin edilməsi üçün maksimum səy göstərməlidir VİDEO

A+ A

Qəbələ, 22 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Avqustun 22-dən başlayaraq regionlarda sentyabrın 26-na təyin olunmuş referendumla bağlı seçki dairəsi dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslara start verilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında 116 saylı Qəbələ DSK-nın 54 məntəqə seçki komissiyası sədrinin iştirakı ilə keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların ilk günü Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimovun “Referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələri. Referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri” mövzusunda məruzəsi ilə başlayıb.

Məruzəçi referendumun yüksək səviyyədə keçirilməsi üçün dairə və məntəqə seçki komissiyalarında hər cür şəraitin yaradıldığını vurğulayıb. Bildirib ki, indiyədək keçirilən prezident, parlament, bələdiyyə seçkiləri, eləcə də referendum dairə və məntəqə seçki komissiyalarının peşəkarlığının yüksək olduğunu göstərir. Seçki komissiyalarının sədrlərinin böyük təcrübə topladığını deyən Mikayıl Rəhimov bununla belə, onlara arxayınlaşmamağı tövsiyə edib: “Referendum demokratik şəraitdə keçirilməlidir və bunu təmin etmək lazımdır. Hər kəs çalışmalıdır ki, referendumda şəffaflıq maksimum təmin olunsun. Ona görə də hər birimiz bu məsələyə yüksək məsuliyyət hissi və peşəkarlıqla yanaşmalıyıq”.

Mikayıl Rəhimov qeyd edib ki, ümumxalq səsverməsinin işıqlandırılmasında KİV-ə yaradılan şərait Azərbaycanda demokratiyanın yüksək səviyyəsindən xəbər verir. Medianın referendum prosesindəki rolu nəzərə alınaraq KİV-lərin MSK və digər seçki subyektləri ilə əlaqələrinin qurulması ümdə məsələlərdən biridir. Elə buna görə də MSK-nın həyata keçirdiyi bütün tədbirlərdə mətbuatın iştirakı təmin olunur. Aşağı seçki komissiyaları da bunu diqqət mərkəzində saxlamalıdır.

MSK-nın katibi, həmçinin kurs iştirakçılarına referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının üzərinə düşən vəzifələr, eləcə də yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri barədə ətraflı məlumat verib.

Sonra isə Qəbələ rayon Məhkəməsinin hakimi Feyruz Abbasovun “Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri” mövzusunda məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 290-cı maddəsinə əsasən, həm fiziki, həm də hüquqi şəxslər səsvermə hüquqlarını pozan qərar və hərəkətlərlə bağlı Seçki Məcəlləsində müəyyən olunmuş qaydada ərizə ilə apelyasiya instansiyası məhkəmələrinə şikayət verə bilərlər. Seçki Məcəlləsinin “Vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət verilməsi və vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət” məsələlərini tənzimləyən 16-cı fəslinin qaydalarına əsasən, milli hüquqda seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyətin müxtəlif növləri nəzərdə tutulur.

Sonra 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Əsədov kurs iştirakçılarına gündəlikdəki üçüncü mövzu - seçici siyahıları ilə iş qaydası barədə məlumat verib. Bildirib ki, dəqiqləşdirilmiş son məlumata görə, 54 seçki məntəqəsi üzrə 43 min 328 seçici qeydiyyata alınıb. Referendumun tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün dairə və məntəqə seçki komissiyaları tərəfindən lazımi hazırlıq işləri görülür.

Daha sonra Mərkəzi Seçki Komissiyası Katibliyinin hüquq şöbəsinin əməkdaşı Rauf İbrahimov kurs iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Avqustun 22-də 47 saylı Mingəçevir, 88 saylı Göyçay, 89 saylı Göyçay-Ağdaş və 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyalarında da referendumla bağlı ixtisaslaşdırılmış kurslara başlanılıb. Kurslar avqustun 23-24-də digər aktual mövzularla davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.