DÜNYA
Seçkilərin yekunlarına görə Litva parlamentinə altı partiyanın nümayəndələri daxil olub
Vilnüs, 11 oktyabr, AZƏRTAC
Yeni çağırışda Litva Seyminə (parlament) altı siyasi partiyanın nümayəndələri seçilib. Bazar günündə keçirilmiş parlament seçkilərinin ilkin nəticələri barədə məlumatı jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Zenonas Vayqauskas verib. O deyib: “Altı siyasi partiya öz nümayəndələrini parlamentə partiya siyahıları üzrə çoxmandatlı dairədə keçiriblər”. Komissiya sədrinin sözlərinə görə, səslərin hələ ki 2 faizi sayılmayıb.
“Onlar bu altı partiyanın yerləşdirilməsində dəyişiklik edə bilər, lakin prinsipial vəziyyət, çox güman ki, dəyişməyəcək”, - deyə Z.Vayqauskas bildirib.
Birinci yerdə “Litva kəndlilər və “yaşıllar” ittifaqı” partiyası (səslərin 21,7 faizi və ya parlamentdə 141 mandatdan 20-si) dayanır. “Vətən İttifaqı – Litva Xristian Demokratları” (21,6 faiz, 19 mandat) ikinci, Sosial-Demokrat Partiyası (14, 4 faiz və ya 13 mandat) üçüncü yerdə dayanır. Parlamentə Liberallar Hərəkatı, “Litva Polyakları Seçki Aksiyası – Xristian Ailələri İttifaqı” və “Asayiş və ədalət” partiyalarının nümayəndələri də seçilib.
Oktyabrın 23-də ikinci tur keçiriləcək və birmandatlı dairələrdə parlamentarilər seçiləcək.
Litva parlamenti 141 deputatdan ibarətdir və ümumi gizli səsvermə yolu ilə qarışıq sistem üzrə - 71 deputat majoritar sistem üzrə birmandatlı dairədə, 70-i partiya siyahıları üzrə seçilir.
Oktyabrın 30-da Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi yekunlarını elan edəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs