SİYASƏT


Sədaqət Vəliyeva: Jurnalistlərin sosial müdafiəsinin  gücləndirilməsi dövlətin prioritetlərindəndir

Bakı, 21 iyul, AZƏRTAC

Müasir Azərbaycan dövləti daim dünya ölkələri üçün nümunə sayıla biləcək addımları ilə fərqlənib. İstər iqtisadi, istər sosial, istərsə də mədəni sahələrdə novatorluq edən Azərbaycan dövləti media sahəsində də qlobal miqyasda bir ilkə imza atdı. Məhz Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə jurnalistlər üçün binalar inşa edildi və 410 KİV nümayəndəsi ailəsinin mənzilə olan ehtiyacları dövlət hesabına təmin edildi. Bu, həqiqətən də dünyada analoqu olmayan bir tarixi hadisədir.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyevanın sözlərinə görə, müstəqil Azərbaycanda milli mətbuata olan diqqət və qayğı, ölkədə söz və fikir azadlığının təminatı, plüralizmin bərqərar olması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bəhrələridir. O deyib: “Bu gün həmin siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda KİV sahəsində mühüm layihələr icra edilir. Bütün azadlıqların təminatı ilə yanaşı, jurnalistlərin sosial problemlərinin həlli məsələsi də daim dövlətin diqqəti mərkəzində olub. Bu qayğının ən bariz nümunəsi isə 2010-cu ildən başlayaraq jurnalistlərin sosial müdafiəsinin möhkəmləndirilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlardır. Məhz həmin məqsədlə bu günədək 30 milyon manatdan artıq vəsait ayrılıb”.

“Media nümayəndələri arasında elə jurnalistlər var idi ki, ümumiyyətlə onların ev almaq arzuları xəyal olaraq qalırdı. Amma Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində onlar da mənzil sahibi oldular”, – deyən Sədaqət Vəliyeva mənzil sahibi olmuş bütün jurnalistləri təbrik edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.