REGİONLAR


Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün yeni kompleks tikilir

Sədərək, 2 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Türkiyə Respublikası ilə sərhədində yerləşən Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün yeni kompleks tikilir.

AZƏRTAC xəbər verir ki, 18 hektara yaxın ərazidə inşa olunan yeni infrastruktur “bir dayanacaq” prinsipinə uyğun qurulan, yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və rüsumsuz ticarət mağazasından ibarət müasir gömrük kompleksidir.

Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun olaraq giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulub. Üç zolaqla sərnişin və minik, iki zolaqla yük nəqliyyat vasitələri hərəkət edəcək.

Sərnişin keçid zalları kompleksin ortasında – üçmərtəbəli inzibati binanın birinci mərtəbəsindədir. Gömrük nəzarəti zonasında sərnişinlərin hərəkəti üçün tunellər yaradılacaq, yaşıl və qırmızı kanallar formalaşdırılacaq.

Yük xətti, əsasən, rəsmiləşmə zalı və anbar binasından ibarətdir. Tranzit və idxal istiqamətində gələn və əks istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti bir-birindən ayrı nəzərdə tutulub. Yük xətti üzərində iritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirməkdən ötrü “X-Ray” rentgen nəzarət-yoxlama kompleksi qurulub.

Gömrük nəzarətindən güzəştli qaydada keçməli olan şəxslərə xidmətin göstəriləcəyi binada və yeməkxanada, anbar və rəsmiləşdirmə zalında tikinti işləri artıq yekunlaşıb. Hazırda inzibati binanın, o cümlədən keçid zallarının tikintisi davam etdirilir. Kompleksin ərazisində əlavə yardımçı binalar da inşa olunacaq.

Qeyd edək ki, Sədərək gömrük sərhəd-buraxılış məntəqəsində xidmətin səmərəli təşkili üçün lazımi iş şəraitinin yaradılması istiqamətində görülən işlər Azərbaycan gömrük sistemində həyata keçirilən genişmiqyaslı layihələrdən biridir. Yeni gömrük kompleksinin istifadəyə verilməsi ilə Naxçıvanın Qərbə açılan qapısı modern görkəmə qovuşacaq, burada gömrük nəzarəti və rəsmiləşdirilməsinin müasir tələblər səviyyəsində həyata keçirilməsi təmin olunacaq, muxtar respublikanın əlverişli tranzit imkanlarından və turizm potensialından səmərəli istifadə imkanları üçün əlavə stimul yaranacaq.

Naxçıvanda gömrük infrastrukturunun yenidən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində digər gömrük orqanlarının infrastrukturu da tam müasirləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.