REGİONLAR
Sədərək kəndində uşaq musiqi məktəbi üçün yeni bina tikilir
Sədərək, 2 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının düşmənlə sərhəddə yerləşən Sədərək rayonun Sədərək kəndində uşaq musiqi məktəbi üçün yeni bina inşa olunur. Tikinti işləri Sədərək Rayon Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsinin kollektivinə həvalə edilib.
AZƏRTAC xəbər verir ki, inşaat işlərinə bu ilin aprel ayından başlanılıb. İnşaatçılara yaradılan şərait hesabına ötən müddət ərzində tikinti işlərinin böyük qismi başa çatdırılıb. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binanın həyətində yaxın vaxtlarda abadlıq işlərinə başlanacaq, ərazidə müasir işıqlandırma sistemləri quraşdırılacaq, yaşıllıqlar salınacaq. İnşaatçılar binanın nəzərdə tutulduğu vaxtda təhvil verilməsi üçün səy və bacarıqlarını əsirgəmirlər.
Mədəniyyətimizin gələcək daşıyıcıları olan uşaqlara hərtərəfli musiqi təhsili verilməsi üçün hər cür şərait yaradılacaq, binada 34 sinif otağı, orkestr zalı, musiqi nəzəriyyəsi və ədəbiyyatı kabinələri, kitabxana, iclas zalı və digər otaqlar müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Son illər muxtar respublikada digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Şəhər, qəsəbə və kəndlərdə müasir mədəniyyət ocaqlarının, o cümlədən uşaq musiqi məktəblərinin tikilib istifadəyə verilməsi bunun ən parlaq nümunəsidir. Bu tədbirlər uşaq və yeniyetmələrin musiqi istedadının üzə çıxarılmasına və inkişaf etdirilməsinə xidmət edir.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində uşaqlara musiqi təhsili verən ünvanların sayı artır.