REGİONLAR
Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib
Sədərək, 27 iyul, AZƏRTAC
Əmək yarmarkalarının keçirilməsi muxtar respublikada əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Bu tədbirlərin davamı kimi Sədərək rayonunda növbəti əmək yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əmək yarmarkasının açılışında çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsinə, yeni iş yerlərinin yaradılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə töhfə verdiyini qeyd edib. Bu proqram əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılması və işaxtaranların sosial müdafiəsi üçün yeni imkanlar yaradır.
Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Mahmudov çıxışında rayonun sosial-iqtisadi inkişafından söz açıb. Bildirib ki, muxtar respublikada əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilir, insan amilinə qayğı prioritet vəzifəyə çevrilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğu prioritet vəzifəyə çevrilib, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə olunub.
İşaxtaran vətəndaşlar yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıq edərək qeyd ediblər ki, vətəndaşların müvafiq işlərlə təmin olunmasında əmək yarmarkalarının əhəmiyyəti böyükdür.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 7 təşkilatdan 91 boş iş yerinin çıxarıldığı tədbirdə 11 nəfərə işə göndəriş verilib.