REGİONLAR
Sədərək rayonunda xalq yaradıcılığı günü keçirilib
Sədərək, 6 oktyabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Sədərək rayonunda xalq yaradıcılığı günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydərabad qəsəbəsində keçirilən tədbirdə qəsəbə ilə yanaşı Sədərək rayon, Sədərək və Qaraağac kənd mədəniyyət evlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Sədərək Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad İsmayılov muxtar respublikada keçirilən xalq yaradıcılığı günlərinin əhəmiyyətindən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyev çıxış edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncama əsasən, muxtar respublikada milli mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan milli mənəvi dəyərlərin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır.
Vurğulanıb ki, xalq yaradıcılığının, əsrlərboyu yaranan mənəvi və maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Ötən müddət ərzində muxtar respublikada xalq yaradıcılığının inkişafı və qorunub saxlanması istiqamətində bir sıra işlər görülüb, folklor kollektivlərinin və xalq teatrlarının fəaliyyəti gücləndirilib, onlar milli geyim dəstləri ilə təmin ediliblər.
Sonra folklor ansambllarının ifasında qədim xalq rəqsləri ifa edilib, xalq oyun və tamaşaları göstərilib, qədim milli musiqi alətlərimiz olan balaban, zurna, tütək və sazda musiqi nömrələri səsləndirilib. Həmçinin Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan ənənəvi el sənəti nümunələri nümayiş etdirilib.