REGİONLAR
“Şəfəq” Ekoturizm İctimai Birliyi ərzaq təhlükəsizliyi ilə bağlı sonuncu tədbirini Lerikdə keçirib
Lerik, 8 sentyabr, Bağır Əliyev, AZƏRTAC
“Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili” layihəsi çərçivəsində “Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda sonuncu tədbirini Lerikdə keçirib.
AZƏRTAC xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd kənd təsərrüfatının müxtəlif sahələrində yerli istehsalın stimullaşdırılmasına dəstək istiqamətində sahibkarların və kənd yerlərində yaşayan əhalinin rolunu artırmaqla yerli istehsal və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdir.
Lerik Rayon Kənd Təsərrüfatı İdarəsində keçirilən seminarda yerli sahibkarlar, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, İqtisadiyyat Nazirliyinin Lənkəran regional bölməsinin, rayon gigiyena və epidemiologiya mərkəzinin, baytarlıq və statistika idarələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən layihənin rəhbəri Vamiq Babayev layihənin məqsədi, donoru və təşkilat haqqında, eləcə də ölkəmizdə aqrar bölmənin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Lerik Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Vüqar Mirzəyev çıxışında layihənin əhəmiyyətindən, tədbirin sahibkarlara və bələdiyyələrə verəcəyi töhfədən söhbət açıb.
Layihə üzrə ekspert, Lənkəran Dövlət Universitetinin kafedra müdiri, kənd təsərrüfatı elmləri doktoru Balayar Şahbazov mövzu ilə bağlı çıxış edib.
Seminarda iştirak edən nazirlik və komitələrin nümayəndələri mövzu ətrafında fikirlərini bildirib, sualları cavablandırıblar.
Tədbirdə çıxış edənlər rayonda arıçılıq, taxılçılıq, kartofçuluq, heyvandarlıq, meyvəçilik və tütünçülüyün inkişafı ilə bağlı təkliflərini bildiriblər.
Müzakirələrdən sonra layihədən ilkin stimullaşdırıcı dəstək alacaq şəxslərin müəyyən edilməsi üçün hazırlanan ərizə formaları iştirakçılara paylanılıb.