CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edir
Bakı, 29 noyabr, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik təbliğatının yüksəldilməsi və bu qurumun yaradılmasının beşinci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Sabahın əsgəri” adlı yazı müsabiqəsi elan edir.
Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin şərtlərinə əsasən, hər şagird yalnız bir yazı təqdim edə bilər.
Müsabiqəyə bu il dekabrın 1-dən gələn il yanvarın 18-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına təqdim olunmuş yazılar buraxılacaq. Yazılar 5 min işarədən çox olmamalıdır. Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalı, gənc nəslin dövlətçilik ənənələrinə ehtiramı, qüdrətli ordu quruculuğu yolunda bilik və bacarıqlarını səfərbər edəcəyi əksini tapmalıdır.
Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədilə Xidmətin nəşrlərində istifadə edilə bilər. Yazılar gələn il yanvarın 18-dək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, oxuduğu ümumtəhsil məktəbi və sinfi) və əlaqə nömrələrini göstərməsi zəruridir.
Müsabiqənin qalibi noutbuk, ikinci yeri tutan netbuk, üçüncü yerin sahibi isə planşetlə mükafatlandırılacaq. Bundan başqa, on nəfər üçün də həvəsləndirici mükafatlar (elektron kitab) nəzərdə tutulub. Qaliblər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.
Əlavə məlumat almaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının inzibati binasına (Bakı, Z.Əliyeva küçəsi – 30, əlaqə telefonu: 493-06-52) müraciət etmək lazımdır.