CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ordu quruculuğu prosesinə mühüm töhfə verib
Bakı, 13 fevral, AZƏRTAC
Yaranmasından ötən beş il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə mühüm töhfə verib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibətilə fevralın 13-də Binəqədi rayonunda keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının qərargahının qarşısındakı abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Sonra SHXÇDX-nin beş illik fəaliyyətindən bəhs edən slayd nümayiş olunub.
SHXÇDX-nin Binəqədi rayon idarəsinin rəisi, polkovnik-leytenant Novruz Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının əhəmiyyətindən danışıb. Bildirib ki, səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində əsas mərhələ vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesidir. Sözügedən prosesi həyata keçirən qurum ordu ilə cəmiyyət arasında körpü rolunu oynayır. Xidmət tərəfindən beş il ərzində ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində mühüm tədbirlər görülüb. Bütün görülən işlərin nəticəsi olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Silahlı Qüvvələrin təlimlərində hərbi birləşmə və hissələrin hərbi vəzifələr və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması günü münasibətilə qurumun işçilərini təbrik edib. Qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması ilə vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı və digər məsələlərin həllində əhəmiyyətli rol oynayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından qısa müddət keçməsinə baxmayaraq, uğurlu nəticələr əldə olunub. Qurum Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə töhfə verib.
Qarabağ müharibəsi veteranı Vəfalı Sofiyev, rayonun fəal gənclərindən olan Cavid Abdullayev və digər çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun gündən-günə daha da gücləndiyini, ordu quruculuğu istiqamətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı işlərin görüldüyünü bildiriblər. Tədbirdə, həmçinin gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı ilə bağlı mühüm nəticələrin əldə edildiyi diqqətə çatdırılıb.
Mərasimdə Xidmətin rayon idarəsinin bir qrup əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.