REGİONLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Beyləqanda vətəndaşları qəbul edib VİDEO
Beyləqan, 21 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevinin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, iyulun 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Füzuli, Ağdam və Ağcabədi rayonlarının sakinlərini qəbul edib.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya hərbi xidmətə qəbul, şəhid adının verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılacaq övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsi və müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi məsələlərində kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.
General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Qaldırılan məsələlərin bir çoxu operativ surətdə yerindəcə həll edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.