REGİONLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Kürdəmirdə vətəndaşları qəbul edib VİDEO
Kürdəmir, 18 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.
AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov mayın 18-də Kürdəmir rayonunda bölgə vətəndaşlarını qəbul edib.
Qəbulda Şirvan şəhərinin, Hacıqabul, Salyan, Kürdəmir, Neftçala, Saatlı və Sabirabad rayonlarının sakinləri iştirak edib. Vətəndaşların müraciətləri əsasən, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıqları ərazilərə yaxın hərbi hissələrdə xidmət keçmələri, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə baxılması məqsədilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbulda, ümumilikdə, 24 vətəndaş iştirak edib.