REGİONLAR
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mingəçevirdə vətəndaşları qəbul edib VİDEO
Mingəçevir, 18 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov yanvarın 18-də Mingəçevir şəhərində bölgə vətəndaşlarını qəbul edib.
AZƏRTAC xəbər verir ki, Xidmətin Mingəçevir şəhər şöbəsinin inzibati binasında keçirilən qəbulda Gəncə və Mingəçevir şəhərlərindən, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarından 40-a yaxın sakin iştirak edib. Vətəndaşların müraciətləri əsasən Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıqları ərazilərə yaxın hərbi hissələrdə xidmət keçmələri, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə baxılması məqsədilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.