REGİONLAR


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Xırdalanda vətəndaşları qəbul edib

A+ A

Xırdalan, 20 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən regionlarda vətəndaşların qəbulu davam etdirilir. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov oktyabrın 20-də Abşeron rayonunun administrativ mərkəzi olan Xırdalan şəhərində vətəndaşları qəbul edib.

Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Sumqayıt şəhərindən, eləcə də Abşeron və Qubadlı rayonlarından olan sakinlər iştirak edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov və rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Mərkəzin önündə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini anıblar.

Sonra Mərkəzin konfrans zalında qəbul keçirilib. İyirmi nəfərin iştirak etdiyi qəbulda Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbulla bağlı müraciətlər üstünlük təşkil edib. Vətəndaşlar, həmçinin müharibə veteranı adı və vəsiqəsinin verilməsi, hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyəti ilə əlaqədar yaşadıqları əraziyə yaxın hərbi hissələrdə qulluq keçmələri və digər məsələlərlə bağlı müraciətlər ünvanlayıblar.

Xidmətin rəisi Arzu Rəhimov qəbulda iştirak edən vətəndaşları diqqətlə dinləyib, onları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

Qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Eyni zamanda, vətəndaşların Xidmətin fəaliyyət sahəsinə aid olmayan məsələlərlə bağlı, eləcə də şəxsi xarakterli müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.