SİYASƏT


Səfir: Azərbaycan hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında oldu VİDEO

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun iyulun 15-də ölkəsində baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı mətbuat konfransı keçirib.

Səfir deyib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi  Türkiyə xalqının sərt müqaviməti ilə üzləşdi. Xalq meydanlara axışaraq mövqeni nümayiş etdirdi, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları da dövlətin yanında oldu.

Prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, iyulun 15-də gecə Türkiyədə demokratiya qələbə qazandı. Vətəndaşlarımız öz Konstitusiyasına sahib çıxdı.

Diplomat Azərbaycanın hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olduğunu vurğulayıb və buna görə xalqımıza, xüsusilə Prezident İlham Əliyevə təşəkkür edib: “15 iyul hadisələri ilə əlaqədar həmrəylik göstərdiklərinə, narahatlığımızı bölüşdüklərinə görə bütün azərbaycanlı qardaşlarımıza minnətdarlığımı bildirirəm. Hər mübarizəmizdə olduğu kimi, fətullahçı terror təşkilatı ilə mübarizəmizdə də tərəddüdsüz sonadək yanımızda olacağına əmin olduğumuz ölkə ən yaxın qardaşımız, ən yaxın müttəfiqimiz Azərbaycandır”.

İsmayıl Alper Coşqun təəssüflə qeyd edib ki, bəzi ölkələrdə Türkiyədəki hadisələrlə bağlı dezinformasiya hallarına da rast gəlinib. O bildirib ki, Türkiyə 80 milyon vətəndaşı, qanuni dövlət qurumları ilə ayaqda möhkəm dayanıb. Heç kimin bununla bağlı tərəddüdü olmasın. Bu hadisələrdən sonra Türkiyənin zəifləyə biləcəyini fikirləşən düşmənlərimiz yanılırlar.

Səfir çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələrinin əmr-komandanlıq sistemi daxilində baş vermədiyini vurğulayıb. O deyib ki, bu, ordu tərkibindəki kiçik qrupun təşəbbüsü olub və onlar qanuna müvafiq şəkildə cəzalandırılacaqlar. Türkiyənin terrorla mübarizədə böyük təcrübəyə malik olduğunu vurğulayan diplomat həmin terror qruplarından birinin də FETÖ olduğunu bildirib: “15 iyul çevriliş cəhdi bu terror təşkilatının indiyə qədər bildiyimiz terror fəaliyyətinin zirvəsini təşkil edir. Hazırda onların təmizlənməsi davam etdirilir. Bu qruplaşmanın təkcə Türkiyə daxilində deyil, həm də ölkə xaricindəki strukturlarına qarşı mübarizəmizi davam etdiririk”.

Diqqətə çatdırılıb ki, hadisə nəticəsində 240-dan çox insan şəhid olub, 1500-dən çox yaralı var, çevrilişə cəhd edənlərdən 104 qiyamçı məhv edilib. Dövlət qurumlarından 60 minə yaxın şəxs vəzifəsindən azad edilib. Silahlı Qüvvələrdən 6823 şəxs saxlanılıb, onlardan 1400-dən çoxu həbs edilib. Bütün araşdırmalar hüquq müstəvisində aparılır.

Qeyd edilib ki, iyulun 20-də Türkiyə Nazirlər Kabinetinin toplantısından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın məlumat verdiyi kimi, ölkədə 3 ay fövqəladə vəziyyət elan edilməsi barədə qərar qəbul olunub. Fövqəladə vəziyyət vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdırmaq üçün deyil, onları qorumaq üçün elan edilib. Məqsəd Silahlı Qüvvələrdəki bütün virusları təmizləməkdir. Fövqəladə vəziyyətin tətbiqi dövlət mexanizminin nizamlanmasının sürətləndirilməsinə və konstitusion nizamın qorunmasına, eyni zamanda, terror təşkilatının ünsürlərinin hüquq çərçivəsində aradan qaldırılmasına yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.