SİYASƏT
Səfir: Azərbaycan ilə Niderland arasında münasibətlər inkişaf edir
Bakı, 27 aprel, AZƏRTAC
Niderland və Azərbaycan arasında ikitərəfli münasibətlər inkişaf edir. Bu il Niderland üçün əhəmiyyətli bir ildir. Bu il Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur. Bundan başqa, bu gün Niderland Kralının 50 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Niderlandın Azərbaycandakı səfiri Onno Kervers ölkəsinin milli bayramı - Kral Günü münasibətilə təşkil olunmuş brifinqdə deyib.
Onno Kervers bildirib ki, 2016-cı ildə Azərbaycan-Niderland iqtisadi əlaqələrinin əsasını kənd təsərrüfatı təşkil edib. Həmin il Niderlandın iqtisadiyyat naziri Henk Kamp Azərbaycana gəlib. Həmçinin kənd təsərrüfatı sahəsi üzrə bir çox şirkətlərin də daxil olduğu geniş ticari nümayəndə heyəti də Bakıda səfərdə olub. 2016-cı ilin oktyabr ayında isə Azərbaycanın kənd təsərrüfatı naziri Niderlanda səfər edib. 2017-ci ilin əvvəllərində Haaqada Azərbaycan şirkətləri üçün kənd təsərrüfatı biznesi üzrə seminar təşkil edilib. Əsası ötən il qoyulmuş Azərbaycan-Niderland biznes şəbəkəsi iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirmək baxımından çox aktiv və faydalı olub.
Səfir deyib ki, mayın 17-19-da keçiriləcək Xəzər Kənd Təsərrüfatı sərgisində Niderland Azərbaycanın tərəfdaş ölkəsidir. Eyni zamanda, holland şirkətləri digər sahələrdə də Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırdırlar.
Niderland şirkətləri enerji, su resurslarının idarə olunması, ekologiya, limanların inşası, neft-kimya, gəmiqayırma, logistika və təhsil kimi sahələrdə aktiv şəkildə fəaliyyət göstərirlər.
Diplomat ölkələrimiz arasında mədəni əlaqələrin inkişafından da danışıb. Bildirib ki, artıq neçənci ildir Niderland məşhur Bakı Caz Festivalına dəstək olur. Ötən il Niderlandın “Deborah Carter” kvintetinin müxtəlif məkanlarda möhtəşəm çıxışı oldu. Bu il isə ölkənin ən nüfuzlu caz ustalarından biri hesab olunan Maykl Borstlapın Bakıya gələcəyi gözlənilir.
Bu il, həmçinin Bakıda holland idmançıların da çıxış edəcəkləri idman yarışları keçiriləcək. İyun ayında hollandiyalı canlı əfsanə Maks Verstappen Bakıda keçiriləcək Formula-1 yarışında yenə ən sürətli pilot olmağa çalışacaq. Sentyabr ayında isə Hollandiya milli yığma komandası Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadınlar arasında Avropa voleybol çempionatında yarışacaq.