İQTİSADİYYAT
Səfir Ciampaolo Kutillo: Azərbaycandan İtaliyaya enerji verilməsi əməkdaşlığı daha da möhkəmləndirir
Bakı, 10 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
Oktyabrın 10-da Bakıda italyan dizayner və memarlarının iştirakı ilə “İdman və sağlamlıq, italyan memarlığı və dizaynı Azərbaycanda qovuşur” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin aparat rəhbəri Vito Cozolli müasir İtaliya dizaynı və memarlıq sənətinin dünya səviyyəsində tanındığını bildirib. O, bu sahədə İtaliya-Azərbaycan əlaqələrindən söz açaraq, ölkəmizdə nəhəng idman qurğularının tikintisində italiyalı mütəxəssislərin də fəal iştirak etdiyini vurğulayıb. “İndi Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. “Bakı-2015” Avropa Oyunları zamanı 6 min idmançının yüksək səviyyədə qəbul edilməsi, qısa zaman kəsiyində beynəlxalq standartlara uyğun idman qurğularının tikilib istifadəyə verilməsi Azərbaycanın böyük nailiyyətidir”, - deyə aparat rəhbəri bildirib.
İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının prezidenti Riccardo Maria Monti təmsil etdiyi ölkənin xammal və enerji resursları cəhətdən zəngin olmadığını diqqətə çatdırıb. “Buna baxmayaraq, İtaliyada iqtisadiyyat və digər sahələrdə yaradıcılığa daha çox diqqət yetirilir. İdman və sağlamlıq üzrə memarlıq və dizayn sahəsi də onlardan biridir. Təsadüfi deyil ki, dizayn layihələri sahəsində İtaliya öndə gedən ölkələr sırasındadır”, - deyə Riccardo Maria Monti söyləyib.
İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo çıxışında İtaliya ilə Azərbaycan əlaqələrinin dinamik inkişaf etdiyini vurğulayıb. Səfir nəzərə çatdırıb ki, Azərbaycanla birgə layihələrin həyata keçirilməsi, İtaliyaya enerji verilməsi bu əməkdaşlığı daha da möhkəmləndirir. Azərbaycanda İtaliyaya böyük maraq olduğunu söyləyən səfir, Azərbaycanın Venesiya sərgisində təmsil olunmasını buna bariz nümunə adlandırıb.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Qabil Mehdiyev respublikada həyata keçirilən idman və gənclər siyasəti, idmanın inkişafına qayğı, eləcə də idmançılarımızın beynəlxalq səviyyədə qazandığı uğurlar barədə ətraflı məlumat verib.