QAN YADDAŞI
Səfir Erkan Özoral: Biz dünya ictimaiyyətindən Xocalı soyqırımına ədalət tələb edirik
Bakı, 26 fevral, AZƏRTAC
İnsanlıq tarixinə qara ləkə kimi həkk olan Xocalı soyqırımının törədilməsindən 25 il keçsə də, bu qətliama hələ də lazımi siyasi-hüquqi qiymət verilməyib, onu törədənlər lazımi cəzalarını almayıblar. Biz dünya ictimaiyyətindən “Xocalıya ədalət!” tələb edirik. İnşallah, tezliklə ədalət təmin olunar, Azərbaycanın işğal altındakı torpaqları azad edilər, Xocalıda qətliam törədənlər öz əməllərinə görə cavab verəcəklər”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Səfir bildirib ki, Türkiyə hər zaman Azərbaycan xalqının dərdinə şərikdir. Biz Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, şəhidlərə ulu Tanrıdan rəhmət diləyirik. Faciənin 25-ci ildönümü günündə azərbaycanlı qardaşlarımızla həmrəylik nümayiş etdirmək üçün səfirliyin bütün əməkdaşları ilə birgə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etdik. Xocalı soyqırımı qurbanlarının məkanı cənnətdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.