SİYASƏT
Səfir: İran-Azərbaycan əlaqələri ildən-ilə inkişaf edir
Tehran, 17 sentyabr AZƏRTAC
İran-Azərbaycan əlaqələri ildən-ilə inkişaf edir. Hər iki dövlətin birgə həyata keçirdikləri layihələr bunu sübut edir.
Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin “Fars” xəbər agentliyinə verdiyi müsahibədə deyib.
Diplomat nəzərə çatdırıb ki, iki ölkənin dəmir yolları sistemlərini birləşdirəcək Astara(Azərbaycan)-Astara(İran) körpüsünün inşası davam edir və cari ilin sonunda istifadəyə veriləcək. Gələn il isə İranda Qəzvin-Rəşt dəmir yolunun tikintisinə başlanacaq. Bu yol gələcəkdə Azərbaycanın Astara şəhərinə qədər uzanacaq və yüklərin daşınması prosesi asanlaşacaq. Bu dəmir yolu xətti Şimal-Cənub nəqliyyat dəhlizinin əsas hissəsidir və Azərbaycan yolun tikintisinə investisiya yatırmaqda maraqlıdır.
Səfir müsahibəsində onu da bildirib ki, İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq prinsipləri əsas tutur və problemin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Rəsmi Tehran münaqişənin həllində vasitəçilik etməyə hazırdır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran