SİYASƏT
Səfir: Latviya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir VİDEO
Bakı, 16 mart, AZƏRTAC
Latviya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin inkişafına töhfə verir. Biz səylərimizi birləşdirməklə daha böyük nailiyyətlər əldə edə bilərik.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.
Səfir ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin olduğunu vurğulayıb. Səfirliyin əməkdaşlığın genişləndirilməsi üçün hər zaman hazır olduğunu diqqətə çatdıran diplomat kənd təsərrüfatı, turizm, tibb, təhsil sahələrində əlaqələrin genişlənirilməsinin önəmini qeyd edib.
Azərbaycandan yüzlərlə tələbənin Latviyanın aparıcı universitetlərində təhsil aldığını deyən diplomat ölkəsində dünya standartlarına cavab verən təhsil müəssisələrinin olduğunu vurğulayıb. Səfir Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə təbiət və dağ ərazilərinin yaşıllaşdırılması məsələlərinə dair birgə əməkdaşlıq planlarının hazırlanacağını da diqqətə çatdırıb. O, gələn ay Latviya və Azərbaycan iş adamları arasında görüş keçiriləcəyini, Latviyanın turizm agentliklərinin nümayəndələrinin Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF–2016”) sərgisində təmsil olunacağını söyləyib.
Diplomat yaxın zamanlarda Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçiriləcəyini də vurğulayıb. Əlavə edib ki, bu cür görüşlər, tədbirlər münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisidir.
Azərbaycan ilə Latviya arasında əlaqələrin informasiya sahəsində də inkişaf etdiyini bildirən Y.Maklakovs bu istiqamətdə əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın və Latviyanın milli informasiya agentlikləri AZƏRTAC və LETA arasında əməkdaşlığın genişlənməsi ölkələrimizin informasiya sahəsində əlaqələrinin daha da inkişafına mühüm töhfə verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Latviyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Münaqişənin sülh yolu ilə həll olunacağına ümid edən Y.Maklakovs ATƏT-in Minsk qrupu, eləcə də digər beynəlxalq qurumların problemin tənzimlənməsi istiqamətində səylərini artırmasının önəmini qeyd edib.