REGİONLAR


Səfir Lənkəranın Meksika şəhərlərindən biri ilə qardaşlaşmasını istəyir

Lənkəran, 6 iyun, Bağır Əliyev, AZƏRTAC

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores Lənkəran ilə ölkəsinin şəhərlərindən birinin qardaşlaşmasına çalışacağını bildirib.

AZƏRTAC xəbər verir ki, iyunun 6-da meksikalı diplomatın Lənkərana səfəri çərçivəsində şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov qonağa rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi və sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verib.

Xuan Rodrigo Labardini Flores Meksika-Azərbaycan əlaqələrinin inkişafından razı qaldığını vurğulayıb. O, bu əlaqələrin möhkəmləndirilməsi üçün Lənkəran ilə Meksikanın şəhərlərindən birinin qardaşlaşması istiqamətində çalışacağını söyləyib.

Səfir sonra cənub bölgəsinin yeganə ali təhsil ocağı olan Lənkəran Dövlət Universitetində (LDU) olub.

Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov diplomata 25 illik tarixi olan ali məktəb barədə məlumat verib. Lənkəran Dövlət Universitetinin beynəlxalq əlaqələrə daim önəm verdiyini deyən ali təhsil müəssisəsinin rəhbəri LDU ilə Türkiyə, Rusiya, Şərqi və Qərbi Avropa ölkələrinin ali məktəbləri arasında son illərdə yaranan dostluq əlaqələrindən danışıb.

Azərbaycanın bölgələri, xüsusən Lənkəranla iqtisadi və mədəni sahədə əlaqələrin qurulmasında maraqlı olduğunu deyən səfir bu işdə LDU-nun önəmli rol oynaya biləcəyini vurğulayıb.

Lənkərana səfəri çərçivəsində meksikalı diplomat, həmçinin Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi ilə də görüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.