REGİONLAR
Səfir Mixael Kindsqrab: Lənkəranın çay məhsullarına Almaniya dükanlarında rast gələcəyimə inanıram
Lənkəran, 9 may, Bağır Əliyev, AZƏRTAC
“Lənkəranda istehsal edilən təbii çay məhsullarının xarici bazarlarda, xüsusən də Almaniyada satışa çıxarılması üçün hər cür yardım göstərməyə hazıram. Günlərin bir günü “Yaşıl çay” fermer təsərrüfatının istehsal etdiyi məhsullara Almaniya dükanlarında rast gələcəyimə inanıram”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab Lənkərana səfəri zamanı söyləyib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşdə Azərbaycan-Almaniya əlaqələri çərçivəsində rayonun iqtisadi subyektləri ilə əməkdaşlığın qurulmasının perspektivləri barədə söhbət aparılıb. Qonağa Lənkəran rayonunun sosial-iqtisadi inkişafı və infrastrukturu barədə məlumat verib.
Səfər çərçivəsində almaniyalı diplomat rayonun bir sıra görməli yerləri, “AccessBank”ın Lənkəran filialı, Haftoni qəsəbəsində tikilməkdə olan İstisu və Sağlamlıq Mərkəzi, İstisu qəsəbəsində “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyaları və Gilan-Lənkəran konserv zavodu ilə tanış olub.