MƏDƏNİYYƏT
Səfir Mohamed Hamel Alqubaisi: Tərcümə Mərkəzi ilə əməkdaşlığa hazırıq
Bakı, 24 may, AZƏRTAC
Tərcümə Mərkəzinin fəaliyyəti haqqında məlumatlıyam, çox müsbət fikirlər var. Biz böyük məmnuniyyətlə mərkəzlə əməkdaşlığa hazırıq.
Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Mohamed Hamel Alqubaisi Tərcümə Mərkəzində görüşdə söyləyib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qurumun direktoru Afaq Məsud mərkəzin fəaliyyətindən danışıb. Bildirib ki, son iki ildə mərkəz ədəbiyyatlararası mübadilə istiqamətində müxtəlif formatlı layihələr həyata keçirir. Bununla bağlı aidiyyəti beynəlxalq qurumlar ilə əməkdaşlıq edilir, Azərbaycanda fəaliyyət göstərən səfirliklərlə görüşlər keçirilir, dil, ədəbiyyat, tərcümə sahəsində müxtəlif formatlı layihələr reallaşdırılır. Milli ədəbiyyatımızın dünyada tanıdılması məqsədi ilə tərtib edilmiş “Müasir Azərbaycan antologiyası” kitabı artıq bir neçə dilə tərcümə edilərək nəşr olunub və onun bir sıra ölkələrdə təqdimatı keçiriləcək.
Direktor diqqətə çatdırıb ki, kitaba Azərbaycanın görkəmli ədiblərinin əsərləri toplanıb. Kitabın ərəb dili versiyası artıq Misirdə nəşr mərhələsindədir. Afaq Məsud deyib: “Azərbaycan multikultural dövlət olaraq, dünya ölkələri və xalqları ilə hər sahədə, o cümlədən ədəbiyyatlararası mübadilədə açıqdır. Birləşmiş Ərəb Əmirlikləri nüfuzlu beynəlxalq kitab sərgilərinin keçirildiyi, mütaliəyə böyük marağın yaşandığı qabaqcıl ölkələrdən biridir. Azərbaycan ədəbiyyatının belə bir ölkədə tanıdılmasının, həmçinin dil, ədəbiyyat, tərcümə sahəsində həyata keçirə biləcəyimiz təcrübə mübadilələrinin xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyinə ümid edirəm”.
Səfir Mohamed Hamel Alqubaisi ölkəsində kitaba, mütaliəyə böyük diqqət ayrıldığını vurğulayıb. Cəmiyyətin formalaşmasında ədəbiyyatın böyük rolu olduğunu söyləyən səfir bu mənada Tərcümə Mərkəzinin gördüyü işləri təqdirəlayiq hesab edib. O deyib: “Çox istərdik Tərcümə Mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif şəhərlərində keçirilən beynəlxalq kitab sərgilərində təmsil olunsun. Azərbaycan ədəbiyyatının bizim ölkə oxucusuna çatdırılması istiqamətində irəli sürdüyünüz bütün təkliflərinizi məmnuniyyətlə qəbul edirik və onların tez bir zamanda həyata keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Görüşdə qonağa Tərcümə Mərkəzinin ərəb dilində kataloq və bukletləri, nəşrləri təqdim olunub.