SİYASƏT
Səfir: Özbəkistan Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaşı hesab edir
Bakı, 26 noyabr, AZƏRTAC
Özbəkistan Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaşı hesab edir və onunla əməkdaşlığın dərinləşməsinə prioritet əhəmiyyət verir.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistanın yeni avtomobil brendi olan “RAVON”un Bakıda keçirilən təqdimatında bu ölkənin Azərbaycandakı səfiri Şerzod Fayziyev bildirib.
Özbəkistanlı diplomat deyib: “Son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin inkişafında keyfiyyətcə yeni mərhələyə şahidi olduq. Şübhəsiz, sıx və etibarlı münasibətlər dərin tarixi köklərə, milli ənənələrin, dil və mədəniyyətin ümumiliyinə və yaxınlığına əsaslanır. İki ölkə arasında siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə əlaqələr fəal inkişaf edir. Bugünkü tədbirin ikitərəfli əməkdaşlıq çərçivəsində ticarət və xidmətlər sahəsində əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsində mühüm bənd olduğunu qeyd etmək sevindiricidir”.
Şerzod Fayziyev vurğulayıb ki, “Uzavtoprom”un məhsulları özünün texniki xüsusiyyətləri, etibarlılığı, keyfiyyəti və qiymət əlçatımlılığı sayəsində Azərbaycanda istehlakçısını tapıb.