SİYASƏT
Şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin seminar-müşavirəsi öz işini başa çatdırıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən seminar-müşavirəsi oktyabrın 30-da öz işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, seminar-müşavirənin sonuncu – üçüncü günündə gənclər və idman naziri Azad Rəhimov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov məruzələrlə çıxış ediblər.
Tədbirdə Azərbaycanda gənclər siyasəti və idmanın inkişafı, tələbə qəbulu, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə, ailə, qadın, uşaq, ali təhsil və s. məsələlər geniş müzakirə olunub, rəy və təkliflər səsləndirilib.
Seminar-müşavirədə çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev informasiya təminatı və statistik göstəricilər əsasında analitik təhlillərin aparılması, yerlərdə birbaşa ünsiyyətin qurulması, o cümlədən səyyar qəbulların təşkili, ictimai-siyasi həyatın qiymətləndirilməsi, Heydər Əliyev mərkəzlərinin imkanlarından geniş istifadə, cəmiyyətin fəal təbəqələri ilə sıx əməkdaşlığın qurulması və gənclərin boş vaxtlarında idman klublarına cəlb olunması, məktəblilər arasında ölkəmizin təbliği ilə bağlı müxtəlif mövzularda layihələrin hazırlanması və digər məsələlərin vacibliyini qeyd edib.
Sonra seminar-müşavirənin iştirakçılarına sertifikatlar təqdim olunub.
Seminar-müşavirənin iştirakçıları günün ikinci yarısında Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin seminar-müşavirəsi öz işini başa çatdırıb.