REGİONLAR
Şəhid Fizuli Salahovun təltif edildiyi medal övladlarına təqdim olunub VİDEO
Şabran, 23 fevral, Elxan Yusifli, AZƏRTAC
Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Fizuli Süleyman oğlu Salahovun təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal fevralın 23-də onun övladlarına təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Mehdi Balabəyov, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurları diqqətə çatdırıblar.
Bildirilib ki, F.Salahov 1978-ci ildə Şabranın Gəndov kəndində dünyaya gəlib. Şəhidlik zirvəsinə ucalanadək 20 ilə yaxın Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Vətənə şərəflə qulluq edən gizir daim öz cəsarəti və igidliyi ilə seçilib. Hərbi xidmətdə fərqləndiyinə görə sağlığında dəfələrlə təltif olunub. F.Salahova “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı Prezident İlham Əliyev cəbhə bölgəsinə səfəri zamanı şəxsən təqdim edib.
Aprel döyüşlərinin də fəal iştirakçısı olan Fizulu Salahov 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.
Çıxışlarda qəhrəmancasına şəhid olmuş Fizuli Salahovun daim xatirələrdə yaşayacağı, onun şərəfli ömür yolunun gənclərə örnək olduğu bildirilib.
Daha sonra şəhidin layiq görüldüyü medal onun övladları Nihat və Nicata təqdim olunub.
Şəhidin atası Süleyman Salahov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini söyləyib. Şəhid atası bildirib ki, hər bir Azərbaycan gənci Vətən uğrunda döyüşməyə, torpaqlarımızı düşməndən azad etmək üçün silaha sarılmağa hazır olmalıdır.
F.Salahovun təltif edildiyi medal təqdim olunduqdan sonra mərasim iştirakçıları rayonun Gəndov kənd qəbiristanlığında şəhidin məzarını ziyarət ediblər.