REGİONLAR
Şəhid Ömər Cəbrayılov Ağdaşda torpağa tapşırılıb VİDEO
Ağdaş, 5 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan ordusunun şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü Cəbrayılov Ömər Məzahir oğlu aprelin 5-də doğulduğu Ağdaş rayonunda dəfn edilib.
AZƏRTAC xəbər verir ki, şəhid Ömər Cəbrayılovun nəşi Ağdaş rayonunun Şəkili kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Ağdaş Rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşi altında son mənzilə yola salınıb.
Qeyd edək ki, şəhid Ömər Cəbrayılov cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Şəhidin atası Məzahir Cəbrayılov oğlu ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Şəhidin qardaşı, Şəkili kənd orta məktəbinin 9-cu sinif şagirdi Musa Cəbrayılov qardaşı Ömərlə qürur duyduğunu, hərbi xidmətə gedərək düşmənlərdən qardaşının qisasını almaq istədiyini bildirib.