REGİONLAR
Şəhid Sənan Quliyevin xatirəsi anılıb
Beyləqan, 3 avqust, AZƏRTAC
Xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış Yeni Xocavənd qəsəbəsində 2014-cü il avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Ağdam istiqamətində ermənilərin hücum cəhdinin qarşısını alarkən şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sənan Quliyevin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, S.Quliyevin məzarı önündə keçirilən mərasimdə hərbi qulluqçular, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək şəhidin ailəsinə başsağlığı veriblər.
Məlumat verilib ki, S.Quliyevin doğulub boya-başa çatdığı Xocavənd rayonunun Qaradağlı kəndinin sakinlərinin hər 10 nəfərindən biri erməni silahlı birləşmələri ilə mübarizədə şəhid olub. Sənanın yaxın qohumları da müharibə zamanı faciələr yaşayıblar. 1992-ci il fevralın 17-də Qaradağlı kəndi Ermənistan ordusu tərəfindən işğal olunan zaman 100 nəfərdən çox kənd sakini ermənilər tərəfindən əsir götürülüb, onların yarıdan çoxu qəddarcasına qətlə yetirilib. Doğma kəndi işğal edilən, yaxın qohumları ermənilər tərəfindən qətlə yetirilən Sənan Vətənə olan borcunu ləyaqətlə yerinə yetirərək şəhid olub. Onun rəşadəti hər bir gənc üçün örnək olmalıdır.
Çıxışlarda Azərbaycan ordusunun gücü, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhval-ruhiyyəsindən fəxarətlə danışılıb, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə olunub.
Mərasimdə məktəblilərin hazırladığı kompozisiya göstərilib.