REGİONLAR
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlərin açarları təqdim olunub
Neftçala,10 noyabr, Mahir Babayev, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Neftçala rayonunda inşa etdirilmiş 10 ədəd ev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, yaşayış evlərinin təqdim olunması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, ictimai birliklərin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun direktoru Z.Babayev Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğısının təzahürü kimi, ölkəmizdə sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn mühüm sosial proqramların həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, bu sosial proqramlardan biri də respublikamızın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təmin olunmasıdır. Dövlətimizin başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə məqsədyönlü tədbirlər cari ildə də uğurla davam etdirilir. Bu il nazirlik tərəfindən Azərbaycanın 30 rayonunda 134 ev, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilməklə, 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.
Fondun direktoru hər bir istifadəyə verilən mənzildə normal yaşayış üçün müasir tələblərə uyğun şərait yaradıldığını diqqətə çatdırıb: “Hazırda bu təbəqələrə aid insanların mənzillə təminatı məqsədilə fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması işləri davam etdirilir”. Z.Babayev müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatının gücləndirilməsi yönündə görülən işlərdən də bəhs edib. O, cari ildə də bu sosial ödənişlərin məbləğində artımlar edildiyini bildirib, müharibə əlillərinin səmərəli bərpa-müalicə sistemi ilə əhatə olunmaları, onların tibbi-sosial reabilitasiyası istiqamətində görülən işləri diqqətə çatdırıb.
Çıxış edənlər ölkəmizdə aparılan sosial siyasətin hər bir vətəndaşın, xüsusən sosial cəhətdən həssas qruplara aid şəxslərin həyat səviyyəsinin yaxşılaşmasına xidmət etdiyini vurğulayıblar. Onlar müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunmalarını bunun daha bir əyani təsdiqi kimi dəyərləndirib, belə tədbirlərin cəmiyyətdə rəğbətlə qarşılandığını bildiriblər.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə müasir tələblərə uyğun inşa olunmuş evlərlə təmin edildiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
İstifadəyə verilən 10 evdən 6-sı Qarabağ müharibəsi əlillərinə, 4-ü isə şəhid ailələrinə təqdim olunub.