REGİONLAR
Şəhid əsgər Zəlimxan Cavadovun medalı valideynlərinə təqdim olunub
Qobustan, 27 may, AZƏRTAC
Vətən qarşısında xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş əsgər Zəlimxan Eybalı oğlu Cavadovun Azərbaycan Respublikasının Prezidentinin adından müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal şəhidin valideynlərinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin həmişə əziz tutulduğunu, onların adlarının əbədiləşdirildiyini, şəhid ailələrinin isə daim ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, qobustanlı gənclər Silahlı Qüvvələrdə xidmətdən fəxr duyur və hərbi peşəni - Vətənə xidmət peşəsini həvəslə seçirlər. 80 nəfərdən artıq qobustanlı Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını tədbir iştirakçılarına çatdıraraq qeyd etdi ki, Vətən uğrunda şəhid olanların hər birinin xidməti yüksək qiymətləndirilir və onların ailələri Müdafiə Nazirliyinin diqqətindədir.
Medal təqdim edildikdən sonra şəhidin atası Eybalı Cavadov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi polkovnik-leytenant Mərdan Nəhmətov və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.