REGİONLAR


Şəhid hərbçi, tankçı Rahim Tağıyevin medalı oğluna təqdim edilib VİDEO

A+ A

Mingəçevir, 18 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tağıyev Rahim Qara oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilən tankçı Rahim Tağıyevin təltif olunduğu medal oktyabrın 17-də onun oğluna təqdim olunub.

Müdafiə Nazirliyinin nümayəndələri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, onun xidmət etdiyi hərbi hissənin rəhbər şəxsləri və şəhər ictimaiyyətinin nümayəndələri əvvəlcə şəhid Rahim Tağıyevin ailə üzvləri ilə görüşüblər.

Mərasimdə çıxış edənlər bildiriblər ki, şəhid qanına boyanan Azərbaycan torpaqları Silahlı Qüvvələrimiz tərəfindən tezliklə düşmən işğalından azad olunacaq və şəhidlərimizin ruhu o zaman dinclik tapacaq.

Şəhidin hərbçi yoldaşları çıxış edərək, Rahim Tağıyevin igid döyüşçü olduğunu bildiriblər.

Görüşdə Müdafiə Nazirliyinin nümayəndəsi Nazim Əhmədov çıxış edərək şəhid tankçı Rahim Tağıyevin keçdiyi döyüş yolundan, Azərbaycan Ordusunun cəbhədəki uğurlarından danışıb, şəhidlərin qanının yerdə qalmayacağına və işğal altındakı torpaqlarımızın azad olunacağına inamını bildirib.

Nazim Əhmədov Rahim Tağıyevin ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı oğlu Nihad Tağıyevə təqdim edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Rahim Tağıyev aprelin 2-də cəbhənin Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb. Tankçı iyulun 10-da yerləşdirildiyi hərbi hospitalda dünyasını dəyişib. Əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan, müddətdən artıq xidmət edən hərbi qulluqçu Rahim Tağıyevin nəşi ailəsinin istəyi ilə Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.