CƏMİYYƏT


Şəhid kəşfiyyat komandirinin anım mərasimi keçirilib

Bakı, 10 iyul, AZƏRTAC

Hələ sağlığında haqqında əfsanələr yaranan kəşfiyyatçı-komandir Raquf Orucov cəbhənin ən çətin bölgəsində - Murovdağda çoxlu igidlik nümunələri göstərib. Lakin o, son dərəcə vətənpərvər və təvazökar olduğundan bunu adi qəbul edirdi. Ötən ilin aprel döyüşlərində də Raquf Orucovun qəhrəmanlığı gənc əsgərlər üçün əsl vətənpərvərlik nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə ötən ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun anadan olmasının 45 illiyinə həsr edilmiş anım mərasimində danışılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi və “ASAN Könüllüləri”nin təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən mərasimdə cəsur kəşfiyyatçının döyüş yoldaşları, hərbçilər, gənclər və ailə üzvləri iştirak edib.

Anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Sonra şəhid polkovnik-leytenantın döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, yazıçı-jurnalist Aida Eyvazlı Raquf Orucovun göstərdiyi qəhrəmanlıq nümunələrindən danışaraq, şəhid kəşfiyyat komandirinin keçdiyi həyat və döyüş yolunun gənclər üçün örnək olduğunu söyləyiblər.

Raquf Orucovun döyüş yoldaşı, ehtiyatda olan zabit Rasim Fəridov onunla bağlı xatirələrindən söhbət açıb.

Şəhid polkovnik-leytenantın döyüş yolundan bəhs edən “Murov qartalı” kitabının həmmüəlliflərindən olan Elşən Əliyev Raquf Orucova həsr edilən filmin çəkilişi, həmçinin yeni kitabların yazılması üçün çoxlu materialların olduğunu bildirib.

Mərasimin sonunda şəhid komandirin həyat yoldaşı Sevinc Orucova tədbirin təşkilatçılarına və iştirakçılara ailə üzvləri adından təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.