SİYASƏT


Şəhidin təltif olunduğu medal ailəsinə təqdim edilib

Bakı, 27 iyul, AZƏRTAC

Bu ilin iyununda Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş Şahvələdov Sultan Niyaz oğlunun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı onun ailəsinə təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qusar rayonunda keçirilən mərasimdə çıxış edən nazirliyin nümayəndəsi, polkovnik-leytenant Əfqan Əliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən, ordu quruculuğu prosesindən, aprel döyüşlərində əldə edilən qələbədən danışıb.

Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərdiyinə görə şəhid Sultan Şahvələdovun “Şücaətə görə” medalı ilə təltif olunması barədə müdafiə nazirinin əmri mərasim iştirakçılarının diqqətinə çatdırılıb. Medal şəhidin atası Niyaz Şahvələdova təqdim edilib.

Polkovnik-leytenant Loğman Xanlarov çıxışında S.Şahvələdovun yaşadığı qısa, lakin şərəfli ömür yolunun Azərbaycan gənclərinə örnək olduğunu qeyd edib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Sultan kimi igidlərin fədakarlığı, vətənpərvərliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deməyə əsas verir.

Oğlu ilə qürur duyduğunu deyən şəhidin atası Niyaz Şahvələdov övladının vətənpərvərliyindən və mərdliyindən danışıb, şəhidlərimizin xatirəsinə göstərilən ehtirama, onların ailələrinə yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda şəhidin ruhuna ehsan verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.