QAN YADDAŞI
Şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir
Bakı, 20 yanvar, Aynur İsmayılova, AZƏRTAC
20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqımızın azadlıq səsini ucaltdığı, ölkəmizin suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şanlı tarixdir. Ona görə də bu tarix xalqımızın qəhrəmanlıq salnaməsidir. Bu tarixi yaşadan xalq ölməzdir.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətə gələn şəhər sakini Fərahət Həsənov AZƏRTAC-a müsahibəsində söyləyib.
O deyib: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının əsasən ermənilərdən təşkil olunmuş ordu birləşmələri tərəfindən xalqımıza qarşı qanlı terror törədilib. Yüzlərlə günahsız insan - qadın, qoca və uşaqlar vəhşicəsinə öldürülüb.
Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. O vaxtdan 27 il keçsə də, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Onların qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir. 20 Yanvar Azərbaycan xalqının hüzn və qürur günüdür.
Allah onlara rəhmət eləsin. Xalqımız onların xatirəsini hər zaman əziz tutur”.