REGİONLAR


Şəhidlərin təltif olunduqları medallar valideynlərinə təqdim edilib

A+ A

Şamaxı, 23 iyul, AZƏRTAC

İyulun 23-də Şamaxıda Müdafiə Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli ordumuz milli qürurumuzdur” devizi altında vətənpərvərlik tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, rayon rəhbərliyi, veteranlar, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Azərbaycan Silahlı Qüvvələrinin yaranması tarixindən, ulu öndər Heydər Əliyevin ordu quruculuğunda müstəsna xidmətlərindən və bu siyasətin bu gün də Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Qeyd edilib ki, Azərbaycan Ordusu son illərdə daha da qüdrətlənib, maddi-texniki bazası möhkəmləndirilib, ən müasir texnika və silah-sursatla təchiz olunub. Azərbaycan Silahlı Qüvvələri bu gün qarşısına qoyulan hər hansı döyüş tapşırığını yerinə yetirməyə tam qadirdir.

A.Ağayev aprel döyüşlərinin bir daha Azərbaycan Ordusunun gücünü, xalqımızın həmrəyliyini, ölkə rəhbərliyinin qətiyyətini göstərdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan əsgəri aprel döyüşləri zamanı qazandığı uğur və qələbələrlə xalqımıza zəfər sevinci yaşadıb. Həmin döyüşlərdə şamaxılı vətənpərvər igidlər də qəhrəmanlıq göstəriblər. Onlardan üç nəfəri şəhidlik zirvəsinə ucalıb.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Ordusunun qüdrətindən söz açıb, Azərbaycan əsgərinin Ali Baş Komandanın əmri ilə hər an döyüşə hazır olduğunu diqqətə çatdırıb. Bildirib ki, şəhidlərin intiqamı düşməndən alınır və bundan sonra da alınacaq, Azərbaycan əsgəri tezliklə xalqa qələbə sevinci yaşadacaq.

Sonra polkovnik A.Qurbani qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan əsgərlərimizin şücaətindən danışaraq bildirib ki, Şamaxı rayonunun Çuxuryurd kəndindən olan manqa komandiri Kaçayev Samir Ziyətdin oğlu “İgidliyə görə” medalı ilə, Göylər kəndindən olan əsgər Səmədov Elşən Səlim oğlu və Şamaxı şəhərindən olan Zəkərəyev Nazim Nadir oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunublar.

Medallar tədbir iştirakçılarının alqışları altında şəhidlərin valideynlərinə təqdim edilib.

Şəhid valideynləri diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra Abdulla Qurbaninin sözlərinə yazılmış mahnı və marşlar əsasında hazırlanan “Lələtəpə fatehləri”, “Bayraqtəpə qartalları” və “Qəhrəman Tərtərim” videoçarxları nümayiş etdirilib. Abdulla Qurbani müəllifi olduğu “Ruhumuzun qələbəsi naminə” və “Дважды герой советского союза Ази Асланов” kitablarını rayon icra hakimiyyətinə hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.