CƏMİYYƏT


Səhiyyə Nazirliyi: Ahıllara tibbi xidmət diqqət mərkəzindədir

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

“Sağlamlıq sahəsi” poliklinikasına müraciət edən və ərazi poliklinikalarından göndərilən ahıl insanlar ixtisaslaşdırılmış heriatrik müalicəyə cəlb olunur. Poliklinikaya dərman təchizatını Səhiyyə Nazirliyi həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ilkin müraciətlərin sayı il ərzində ən azı 2 min nəfər təşkil edir ki, onlardan da qeydiyyata götürülən xəstələrin 65-67 faizini herontoloji yaş həddində olan xəstələr təşkil edir. İl ərzində poliklinikada orta hesabla 65 mindən çox xəstə gəlişi (ilk və növbəti gəliş) qeydə alınır. Müayinə və müalicə olunan ahıl xəstələr ildə iki dəfə bütün müayinələrdən keçmək və müalicə kursu almaq üçün xüsusi çağırış vərəqəsi ilə “Sağlamlıq sahəsi”nə dəvət olunurlar.

Hər il herontologiya sahəsində görülən işin həcmini genişləndirmək məqsədilə mütəmadi olaraq əvvəlcədən şəhər poliklinikalarında elan verməklə "Açıq qapı" aylığı keçirilir. Bir ay ərzində ərazi poliklinikalarından "Sağlamlıq sahəsi" poliklinikasına ixtisaslaşmış tibbi xidmət almaq məqsədilə orta hesabla 5 minə yaxın xəstə müraciət edir.

Poliklinikada həssas psixologiyası olan tənha ahıllar üçün “Gündüz sağlamlıq klubu” təşkil olunub. Burada ahıllar üçün müalicə və müayinələrlə yanaşı, xüsusi tədbirlər (musiqi terapiyası, fitoterapiya, katerlə dəniz gəzintisi və s.) keçirilir. Həmçinin Bilgəh qəsəbəsində yerləşən Qocalar evinin bütün sakinləri ildə iki dəfə ixtisaslaşmış həkimlər tərəfindən müayinə olunurlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.