CƏMİYYƏT


Səhiyyə Nazirliyi: Analitik Ekspertiza Mərkəzində farmakoloji nəzarət sistemi təkmilləşdirilir

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Hazırda dünyada dərman sektorunun inkişafı və son illərdə səhiyyə sistemimizdə gedən sürətli islahatlar farmakoloji nəzarətin əhəmiyyətini daha da aktuallaşdırır. Ölkəmizdə dərman preparatlarının effektivliyi və əlavə təsirləri haqqında məlumatın sistemləşdirilməsi, tibb işçilərinin dərmanların təsiri haqqında məlumatlandırılması və ümumi mərkəzləşdirilmiş məlumat sisteminin yaradılması məqsədilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində farmakoloji nəzarət sistemi təkmilləşdirilir.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, məqsəd dərman vasitələrinin əlavə təsirlərinin və fayda/risk nisbətlərinin sistemli bir şəkildə izlənməsi, dərmanların səbəb ola biləcəyi zərərlərin minimallaşdırılması üçün zəruri tədbirlərin görülməsidir. Farmakoloji nəzarət üzrə müvafiq qanunvericiliyin hazırlanması və beynəlxalq təcrübəyə uyğun əsaslandırılması məqsədilə şöbə əməkdaşları müvafiq kurs və treninqlər keçiblər. Bu məqsədlə Almaniya, Türkiyə, Ukrayna, Belarus, Qazaxıstan və ABŞ-ın müvafiq qanunvericiliyi araşdırılıb və təcrübəsi öyrənilib. Hazırda farmakoloji nəzarət üzrə milli qanunvericiliyimizin hazırlanması və Avropa İttifaqının dərman vasitələri ilə əlaqəli 2010/84/EC direktivinə uyğun əsaslandırılması prosesi tamamlanmaq üzrədir.

Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən dərman vasitələrinin əlavə təsirlərinə nəzarət qaydalarına əsasən, həkimlər və istehsalçılar dərman vasitəsinin istifadəsi zamanı təlimatda göstərilməyən, yaranan bütün əlavə təsirlər haqqında məlumat verməlidirlər. Xəstələr üçün də məlumat formaları hazırlanıb. Dərmanın əlavə təsirləri aşkar edildiyi halda vətəndaş Analitik Ekspertiza Mərkəzinin rəsmi internet saytındakı (www.pharma.az) “onlayn” məlumat blankını doldurub bu məlumatı sonradan məktub və ya faksla yollaya bilər. Bu onu göstərir ki, Analitik Ekspertiza Mərkəzi fəaliyyətində daim vətəndaşlarla qarşılıqlı işbirliyinə üstünlük verir və onların təhlükəsiz dərman vasitələri ilə təminində nəzarəti daim gücləndirməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.