CƏMİYYƏT


Səhiyyə Nazirliyi: Dərmanların saxlanıldığı yerlərdə xüsusi qurğular quraşdırılacaq

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Gələcəkdə dərman vasitələrinin saxlanıldığı yerlərdə xüsusi ötürücü qurğuların quraşdırılması nəzərdə tutulur. Həmin qurğular sayəsində dərman vasitələrinin saxlanıldığı yerin temperaturu və dərmanların keyfiyyətinə təsir edən digər amillər barədə məlumatlar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə ötürüləcək. Beləliklə, dərmanların keyfiyyətinə nəzarət edilməsi daha operativ şəkildə həyata keçiriləcək.

Bundan başqa, dərman vasitələrinin ölkəyə idxalı zamanı laborator analiz üçün nümunələrin götürülməsi və Səhiyyə Nazirliyi tərəfindən rəy verilməsi prosedurunu tənzimləyən “Dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına rəy verilməsi Qaydaları”nın layihəsi hazırlanır.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyasının əməkdaşları mütəmadi olaraq bilik və bacarıqlarının artırılması, yeni üsulların mənimsənilməsi məqsədilə xarici ölkələrdə keçirilən təlim və seminarlarda iştirak edirlər. Eyni zamanda, laboratoriya daxilində illik plana uyğun olaraq təlimlər keçirilir, nəticəsi imtahanla yoxlanılır. Laboratoriya QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond, həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə sıx əməkdaşlıq edərək ölkəmizə idxal olunan antiretrovirus və vərəm əleyhinə preparatların keyfiyyətini yoxlayır.

Laboratoriyanın maddi-texniki bazasının daha da yaxşılaşdırılması məqsədilə Səhiyyə Nazirliyinin dəstəyi ilə yeni avadanlıqlar sifariş verilib. Laboratoriya daxilində dövrü olaraq lazımi təmir işləri görülür. Mikrobioloji laboratoriyanın genişləndirilməsi və şəraitinin daha da yaxşılaşdırılması üçün hazırda müvafiq şirkətlərlə danışıqlar aparılır. Bununla yanaşı, laboratoriyanın yaxın gələcək üçün əsas məqsədlərindən biri Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi prekvalifikasiya olunmuş laboratoriyaların sihayısına düşməkdir.

Dərman vasitələrinin idxalı zamanı sənədlərdə aşkar olunan çatışmazlıqlar barədə idxalçı müəssisələrin məsul şəxsləri məlumatlandırılır. Dərman vasitələrinin istifadə təlimatında aşkar edilmiş çoxsaylı nöqsanlarla bağlı iyun ayında 60-a yaxın idxalçı müəssisənin nümayəndələri ilə birlikdə geniş tərkibdə görüş keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin idxal olunan dərman vasitələrinin saxlanılmasına dair 40-a yaxın topdansatış əczaçılıq subyektinin nümayəndəsi ilə daha bir görüş keçirilib. Dərman vasitələrinin saxlanıldığı yerlərlə bağlı aşkar olunan nöqsanlar diqqətə çatdırılıb və aradan qaldırılmayacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə müəssisələrə xəbərdarlıq edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.